“Çoxtərəflilik heç vaxt indiki qədər vacib olmayıb”.

 

Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında BMT Baş katibin müavini Tatyana Valavaya Baş katib Antonio Quterreşin konfrans iştirakçılarına məktubunu oxuyarkən deyib.

 

O, Azərbaycan hökumətinə son 4 ildə uğurlu sədrliyə görə təşəkkür edib.

 

BMT Baş katibi müraciətində bildirib ki, müharibələr, iqtisadi böhranlar, iqlim dəyişikliyi, müharibələr qlobal ictimaiyyəti təhdid edir:

 

“Çoxtərəflilik indiki qədər vacib olmayıb. QH insan haqlarını, çoxtərəfliliyi, dayanıqlı inkişafı təşviq edən səmərəli beynəlxalq platformadır”.

 

Baş katib bildirib ki, QH ölkələrinin kollektiv səsi indi əvvəlkindən daha güclü eşidilir.

 

Baş katib müraciətində vurğulayıb ki, 2022-ci ildə dünyada müharibə və silahlı toqquşmalarda öldürülənlərin sayı ötən illərlə müqayisədə daha da artıb, hərbi sahəyə xərclər artıb, Ukraynadakı müharibə, ərzaq böhranı dünya ölkələrini çətin vəziyyət qarşısında qoyub.

 

“İndi dünyada 100 milyondan çox qaçqın və məcburi köçkün var, onlar evlərini itiriblər. Biz BMT Nizamnaməsinə uyğun sülh yolu ilə həlləri dəstəkləyirik. Aqressiyadan çəkinmək, bərabərlik, sülh içində birgəyaşayış, suverenliyə hörmət həmişəkindən dava vacibdir Bu böhranlardan daha çox mülki əhali əziyyət çəkir”, - Quterreşin müraciətində vurğulanıb.

 

“İndi nüvə ritorikası da güclənib ki bu təhlükəlidir. Heç bir ölkə bütüm bu problemləri təkbaşına həll edə bilməz. İqlim böhranı bütün ölkələrə təsir edir, biz bu böhranla mübarizədə qətiyyətli addımlar atmalıyıq”, - Baş katib qeyd edib.

 

BMT Baş katibinin müraciətində QH-nin qlobal iqlim gündəliyini irəli sürməsi təqdir olunub: “Mən QH ölkələrinin iqlim həmrəyliyi aktını dəstəkləyəcəyinizə ümid edirəm. Azərbaycanın QH sədri kimi bu mürəkkəb zamanda tövsiyə və təşəbbüslərini təqdir edirəm. Biz pandemiya ilə bağlı Azərbaycanın təşəbbüslərini, çağırışlarını yüksək qiymətləndiririk. Bizim indi daha çox çoxtərəfli əməkdaşlığa ehtiyacımız var, bununla biz münaqişələrin qarşısını ala bilərik. Biz problemləri kollektiv səylərlə həll edə bilərik. QH müxtəlif mədəniyyətlər, milli maraqlar arasında körpü qurur. Dayanıqlı gələcəyin qurulmasında sizin səylərinizə, əməkdaşlığınıza inanıram. Gəlin daha yaxşı dünya üçün bu yolu birgə gedək”, - müraciətdə deyilir.

.