Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib.
O, diqqəti Binəqədi rayonunda baş verən yanğın zamanı hadisə yerinə baxış protokolunun tərtibinə cəlb edib: "Həmin zaman "Sony” markalı kamera ilə videoçəkilişlər aparılıb. Lakin videoçəkilişlər cinayət işinin matreallarından çıxarılıb. Həmin videoçəklişlərin cinayət işinə əlavə edilməsini tələb edirik”.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq, hadisədən sonra ekpertizanın rəyini açıqlayan Azər Vəliyevin məhkəmədə dindirilməsini istəyiblər. Vəkillər hesab edir ki, ekspertiza rəyində tədqiqat və nəticə hissəsi bir-birinə ziddir.
Ağacavad Məmmədovun vəkili müvəkkilinin "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətində xidməti müqavilə əsasında işlədiyini deyib: "Həmin zavodun direktoru Məhəmməd Abbasovun məhkəmədə ifadə verməsini tələb edirik”.
Vəsatətlərin heç biri təmin edilməyib. Daha sonra məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmənin növbəti iclası dekabrın 2-nə təyin edilib.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun "Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. "Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
.
