Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nəcəf Qafarov 19 il, Nuranə Məhərrəmova isə 14 il, 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Dövlət ittihamçısı təqsirləndirilənlər Nəcəf Qafarovun 20 il, Nuranə Məhərrəmovanın 17 il azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunda baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın rayon ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Məlumatla əlaqədar, sonuncunun qaynatası Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılıb. İsitntaqla onun cinayəti qızı - mərhumun həyat yoldaşı Nuranə Məhərrəmova ilə birgə törətdiyi məlum olub.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

.