"Casus şəbəkəsi Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ifşa olunub".

Bunu baş prokuror Zakir Qaralov deyib.
Baş prokuror bildirib ki, Hərbi Prokurorluq bu cinayət işinin istintaqını davam etdirir. "Hesab edirik ki, cinayət işinin istintaqı ilin sonuna qədər yekunlaşacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətini ötən bir il ərzində prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə quraraq mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə çalışıb.
Bunu da baş prokuror qeyd edib.
Baş prokuror bildirib ki, ötən bir il ərzində Baş İdarə tərəfindən vətəndaşların 6571 müraciətinə baxılıb, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş ilkin müraciətlərin böyük əksəriyyətinin müsbət həll olunması təmin edilib, 7 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, həmçinin digər müraciətlər üzrə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görülüb: "Başlanılmış cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq davam etdirilir. Bu müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam tənbehi qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin, habelə bu sahələrdə mövcud qanunvericilikdəki boşluq və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim olunub".

Z. Qaralov əlavə edib ki, ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 232 şəxs barəsində 180 işin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. "Həmin cinayət işləri əsasən mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, səhlənkarlıq, hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə və digər faktlarla əlaqədar olub", - deyə o vurğulayıb.
İstintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 30 təqdimat verilib, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib.(apa)






.