Bakıda 4 nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəzanı törədən sürücü həbs edilib.

APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, araşdırmalarla qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kəlbəliyev olduğu müəyyən edilib. O, avtomobili sərxoş vəziyyətdə idarə edib.

E.Kəlbəliyevin barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Elşad Kəlbəliyevin idarə etdiyi “Range-Rover” markalı nəqliyyat vasitəsilə “Daewoo Damas” markalı nəqliyyat vasitəsinə çırpılması nəticəsində “Daewoo Damas”ın sürücüsü Murad Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.


Bəs görəsən, 4 nəfərin ölümü ilə nəticələnən qəzanı törədən sürücünü hansı cəza gözləyir?

“Norma” Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayevin sözlərinə görə, sürücü nəqliyyat vasitəsini sərxoş halda və ya sürücülük vəsiqəsi olmadan idarə edərkən qəza törədərək, 2 və ya daha artıq şəxsin ölümünə səbəb olarsa, bu halda həmin şəxsi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Həmçinin şəxs 5 il müddətinə sürücülük hüququndan məhrum edilir: “Nəzərə almaq lazımdır ki, cinayət işinin gedişində ekspertiza təyin olunur. Yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin ediləndən sonra ölümlə yol-nəqliyyat hadisəsi arasında səbəblə əlaqənin olması müəyyənləşdirilir. Əgər bu müəyyən olunursa, xəsarətlər varsa, ölən şəxslər həqiqətən toqquşma nəticəsində ölübsə, bu halda 263-cü maddənin tərkib hissəsi yaranır. Hadisə yerindən qaçma Cinayət Məcəlləsinin 264-cü maddəsidir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək şəxsə kömək etmək halı xaric, istənilən halda hadisə yerindən qaçmaq Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cəzalandırılır. Bu maddə ilə şəxs 2 ilədək azadlıqdan məhrum edilə bilər”.

Hüquqşünas onu da bildirib ki, hadisəni törədən şəxsin məhkəməyə qədərki istintaq dövründə həbs edilib-edilməməsi onun hadisə yerindən qaçıb-qaçmaması ilə bağlıdır: “Yol-nəqliyyat hadisələrinin törədilməsi ehtiyatsızlıqdan baş verən cinayətlərdir. Lakin hadisə yerindən qaçma qəsdən törədilən cinayətlər sırasına daxildir və praktikada şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza verilməsində mühüm rol oynayır. Mətbuatdan öyrəndiyimiz qədər bu hadisədə daha çox ağırlaşdırıcı hallar var. Sərxoş halda idarə etmə, hadisə yerindən qaçma və s. kimi. Lakin şəxsin əməllini könüllü etiraf etməsi, himayəsində azyaşlı uşaqların olması yüngülləşdirici hal kimi götürülə bilər. Əgər şəxs toxunulmazlıq hüququ olmayan yəni, hakim deputat və s. deyilsə vəzifəsindən, siyasi görüşündən asılı olmayaraq, qanun qarşısında bərabərdir”.

Qeyd edək ki, Elşad Kəlbəliyevin “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olduğu bildirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama verilib.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında deyib ki, hadisə iyunun 14-ü gecə saat 01:00 radələrində Novxanı bağlar ərazisində qeydə alınıb:

“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. 

Nəticədə “Daewoo Damas”ın sürücüsü M.Ziyadov və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətiriblər. Hazırda araşdırma aparılır”.

***

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

APA xəbər verir ki, “Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Агаеву.

.