Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin məhkəməsi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən Anton Draçev vəsatət verərək yaşayış yerinin məlum olduğunu deyib və onun barəsində seçilmiş qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.
Təqsirləndirilən İlya Bezuqliyin vəkili Fəxrəddin Mehdiyev cinayət işiniə xitam verilməsi, bu olmadığı halda təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Onun müdafiə etdiyi şəxs də əlavə edib ki, o, kəskin artimiya xəstəsidir, bu, ölümlə nəticələnə bilər.
Digər vəkillər də cinayət işinə xitam verilməsi, bu olmadığı halda müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmasını xahiş ediblər.
Təqsirləndirikən Sergey Sofranov ölkəyə turist kimi gəldiyini və cinayət işi ilə əlaqəsi olmadığını bildirərək cinayət işinə xitam verilməsini və ev dustaqlığına buraxılmasını xahiş edib.
Məhkəmə müşavirədən sonra qərar elan edib. Qərara əsasən, vəsatətlər isə təmin edilməyib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası aprelin 10-na təyin edilib.
Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci , 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb.
.
