Hazırda Bakıda Mərkəzi Parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.

Onun sözlərinə görə, metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq: "İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur. Funksional olaraq, parkın dördüncü hissəsində rekreasiya, gölkənarı istirahət, idman, mədəni tədbir zonaları və uşaq oyun meydançaları nəzərdə tutulur. Layihədə ətrafdakı yaşayış zonaları və nəqliyyat infrastrukturu ilə əlaqələndirməyə xüsusi diqqət yetiriləcək”.

O bildirib ki, həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur.

“Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur”, - Komitə rəsmisi vurğulayıb.

.