Azərbaycan Gənclər Fondunun dəstəyi, gənc fəal Raida Hüseynovanın təşkilatçılığı ilə Bakı şəhərindəki 258 saylı tam orta məktəbdə "Sağlam gələcək – sağlam ekologiyadan başlayır!” mövzusunda tədbir keçirilib.
Layihənin rəhbəri Raida Hüseynova məktəblilər arasında ekoloji maarifçilik işinin gücləndirilməsinə ehtiyac olduğunu bildirib. R.Hüseynova deyib ki, analoji tədbirlər yeniyetmə və gənclər arasında təbiətə sevgi hissi aşılamağa xidmət edir.
Layihənin eksperti Seymur Verdizadə qeyd edib ki, son illər Azərbaycanda ekoloji maarifçilik sahəsində xeyli iş görülüb. Natiq vurğulayıb ki, ölkədə ekoloji mühitin qorunmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da üzərinə xeyli iş düşür. S.Verdizadə deyib ki, növbəti tədbirlərdə uşaqlarla yanaşı, böyüklərin də iştirakını təmin etmək lazımdır: "Müşahidələrimiz göstərir ki, təbiətə böyüklər uşaqlardan daha çox zərər verirlər”.
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov isə məktəbliləri təbiəti sevməyə, yaşıllıqların qeydinə qalmağa səsləyib. Ç.Bayramov deyib ki, sağlam ekoloji mühit sağlam cəmiyyətin əsas atributlarından biridir.
Sonda tədbir iştirakçılarına sertifikatlar paylanılıb.
.
