
Bakıda bərbərxanada qətl hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 13 radələrində Nəsimi rayonunda bıçaqlama hadisəsi ilə bağlı polisə məlumat daxil olub.
Xəbərə görə, rayonun Asif Məhərrəmov küçəsində yerləşən bərbərxanaların birində bərbər işləyən 1994-cü il təvəllüdlü İsmət Qədirov münaqişə zəminində 1994-cü il təvəllüdlü İlkin Qurbanlıya bıçaqla müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirməklə onu qətlə yetirib.
Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən İ.Qədirov saxlanılaraq istintaqa təhvil verilib.
Prokurorluq bu gün Bakıda bərbərxanada baş verən qətl barədə məlumat yayıb.
Nəsimi rayon prokurorluğundan verilən xəbərə görə, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmət Qədirov şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.