
20 aprel 2022-ci il tarixində Bakıda ekspert ictimaiyyətinin, ölkənin elmi dairələrinin nümayəndələrinin iştirakı ilə “Dəyişən dünya düzənində Rusiya və Azərbaycan arasında müttəfiqlik münasibətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə iclasın əsas məruzəçiləri iqtisad elmləri doktoru, professor E.Məmmədovun, iqtisad üzrə fəlsəfə doktoru, politoloq İ.Vəlizadənin, iqtisadçı-ekspert,beynəlxalq əlaqələr üzrə mütəxəssis A.Əzimzadənin, ekspert F.Bayramovun ölkələr arasında münasibətlər, yeni reallıqlarda regional əməkdaşlığın inkişafı və Azərbaycan və Rusiya arasında müttəfiqlik əlaqələrinin əhəmiyyəti mövzusu kimi cari vəziyyətin təhlilinə həsr olunmuş məruzələri dinlənilib.
Tədbirin yekunu olaraq, burada iştirak edən respublikanın ekspert icmasının və elmi dairələrinin nümayəndələri bəyanat qəbul edərək bildirmişlər ki, bu il Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur.
Bu tədbirin iştirakçıları prezidentlər İ.H.Əliyev və V.V.Putinin ikitərəfli münasibətlərin inkişafına yönəlmiş xəttini tam dəstəklədiklərini bildiriblər.
Bildirilib ki, bu siyasətin həyata keçirilməsi cari gündəmdə olan geniş spektrli məsələlər üzrə ölkələrimiz arasında əməkdaşlığın davamlı xarakter almasına səbəb olub.
Bəyanatda vurğulanır ki, müasir şəraitdə beynəlxalq münasibətlər sistemində gərginliyin yüksək olmasına baxmayaraq, Azərbaycan və Rusiya liderləri 2022-ci il fevralın 22-də Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməni imzalamaqla siyasi iradə və müdriklik nümayiş etdiriblər.
Bu mühüm addım Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxardı ki, bu da tədbir iştirakçılarının fikrincə, dövlətlərimizin və xalqlarımızın milli maraqlarına tam uyğundur.
Bəyanatda həmçinin bildirilir ki, tədbir iştirakçıları müttəfiqlik prinsiplərinə riayət edərək və müasir reallıqları nəzərə alaraq bir sıra ölkələrdə rus xalqının nümayəndələrinə qarşı müşahidə edilən hücumları, milli mənsubiyyətə əsaslanan zülmü, o cümlədən rus mədəniyyətinin ləğvi siyasətini pisləyirlər.