Vətən Müharibəsi iştirakçısı olan bir qrup azərbaycanlı jurnalist Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsini ziyarət ediblər.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Vətən müharibəsində iştirak etmiş jurnalistlər barədə məlumat verib.

O bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri peşə fəaliyyətləri ilə yanaşı, vətənə xidmət borclarını da yerinə yetirib, əsgər kimi döyüşüblər.

Bəhruz Məmmədzadə iki qardaş ölkənin sarsılmaz bağları olduğunu vurğulayıb və belə görüşlərin böyük mənəvi yük daşıdığını qeyd edib.

Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda, qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib:

"Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox şadıq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik".

Qeyd edək ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, "TİKA Azərbaycan"ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

.