Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə Sultan Qasımovun ittiham aktını almadığı məlum olub.

Proses sentyabrın 22-nə təxirə salınıb.

Qeyd edək ki, sabiq Baş konsul barəsində cinayət işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində araşdırılıb. Məlum olub ki, zərərçəkənlərə 200 min manatdan çox məbləğdə ziyan dəyib. Zərərçəkən qismində Anton Zayats və Faiq Mikayılov tanınıb. Ümumi ziyanın bir qismi istintaq dövrü ərzində ödənilib. Belə ki, Sultan Qasımov Rusiyada yaşayan vətəndaşa torpağı hərrac yolu ilə alacağı barədə vəd verib. Bundan əlavə, digər zərərçəkənə isə qızılı hava yolu ilə başqa ölkəyə keçirəcəyi ilə bağlı söz verib.

Ona Cinayət Məcəlləsinin 12.1. 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla xarici ölkə ərazisində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Sultan Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb. O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilib. O, 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

.