Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında daxili bazarın əsas ərzaq məhsulları ilə təchizatı və özünütəminatın genişləndirilməsi yolları müzakirə olunub.

İclasda minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının risklərinin azaldılması istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının tənzimlənməsi məsələsi nəzərdən keçirilib.

Eyni zamanda bu məhsullarla özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar geniş müzakirə olunub.

İqtisadi Şura inflyasiyanı məqbul səviyyədə saxlamağın yollarını axtarır

Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında qlobal ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və onun alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bu kontekstdə Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması məsələləri əsas diqqət mərkəzində olub.

İclasda yüksək inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, idxal inflyasiyasının məhdudlaşdırılması üçün tədbirlər müzakirə olunub.

.