2016-cı ildə 442 nəfər həyatına qəsd edib: Onların 33 nəfəri məktəbli və yeniyetmədir

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova bəyan edib ki, 2016-cı il Azərbaycanda 327 intihar hadisəsi qeydə alınıb. Onun sözlərinə görə, intiharlarla yanaşı, intihara cəhdlər də olub ki, onların sayı 470 nəfər təşkil edib.

Bəri başdan, onu qeyd edək ki, Kəmalə Talıbova bu rəqəmin hansı mənbələrdən götürüldüyünü açıqlamayıb. Əslində Azərbaycanda intiharlarla bağlı heç bir rəsmi dövlət strukturunda statistika aparılmır. Məsələn, Ermənistanda, adətən, bu cür məlumatları ya statistika xidməti, ya da Səhiyyə Nazirliyi toplayır.

Talıbova əgər iddia etsə ki, bizim Səhiyyə Nazirliyində, elə onun rəhbəri olduğu şöbədə belə statistika toplanır, onda belə qənaətə gəlmək mümkündür: ya gündəlik baş verən intiharlar qeydə alınmır, ya da real rəqəmlər gizlədilir.

PRESSDAY.az ötən il intiharlarla bağlı aparılan araşdırmanın bəzi təfərrüatlarını açıqlayacaq. Onu da qeyd etmək lazımdır ki, intiharlarla bağlı hətta gündəlik açıqlanan məlumatlar baş verən hadisələrin hamısı deyil. Bu cür faktlar müxtəlif səbəblərdən gizlədilir. Bu ayrıca mövzu məsələsidir.

2016-cı ildə Azərbaycanda 442 nəfər intihar edib. Özlərini müxtəlif səbəblərdən həyatdan məhrum edənlərin 284-ü kişi, 124-ü qadın, 34 nəfəri məktəbli və yeniyetmədir. 

Apreldə 49 nəfər həyatına qəsd edib. Mart ayında bu göstərici 43 olub. Adətən, yay aylarında intiharların sayı azalır. Azərbaycanda da belə olub. Avqust və sentyabr aylarının hər birində 31 nəfər özünü həyatdan məhrum edib. Yanvarda 33, dekabrda 36 intiharın baş verdiyi açıqlanıb. 

Kəmalə Talıbovanın iddiasına görə, 2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edilib. Şöbə müdiri ötən il 515 nəfərin intihar etdiyini söyləyir. Əgər bu doğru rəqəmdirsə, onda elə nazirlik rəsmisinin söylədiyinə istinadən belə iddia ortaya qoymaq olar: Ötən il baş verən intiharların böyük hissəsi ictimaiyyətdən gizlədilib. 

Azərbaycanın bütün yazılı, internet kütləvi informasiya vasitələrini 2015-ci il yanvarın 1-dən dekabrın 31-dək günbəgün izləyin: İntiharlarla bağlı 337-dən artıq rəqəm əldə edə bilməyəcəksiniz.

Bəlkə Talıbova çaşıb? 2015-ci ildəki statistika ilə bir il sonrakı rəqəmi tərsinə deyib. 

İntiharlar 2016-cı ildə bir il əvvəlkindən qətiyyən az ola bilməzdi. O səbəbdən ki, Azərbaycanda insanların yaşayış səviyyəsi ötən il 2016-cı ildəki ilə müqayisədə daha da çətinləşib. Üstəlik, manatın dollara nisbətdə dəyərdən düşməsi kredit borcunu qaytara bilməyənləri daha çıxılmaz vəziyyətə salıb. Bundan əlavə, ötən il iş yerini itirənlər də sayca çoxalıb. Belə situasiyada Azərbaycanda intiharların sayının 2016-cı ildə bir il əvvəlkindən azaldığını iddia etmək, ən az insafsızlıqdır. 

Kəmalə Talıbovanın fikrincə, intiharlar bütün dünyada problemdir. Bəli, hətta Yaponiya kimi dünyanın ən inkişaf etmiş ölkəsində intihar ən ciddi problemə çevrilib. Ancaq Yaponiyada intiharları gizlətmirlər, onun dəqiq sayını açıqlayıb, səbəblərin aradan qaldırılmasına çalışırlar... Və bir neçə il həyata keçirilən davamlı proqramlar sayəsində intiharların sayının azalmasına nail olunub...


Azər Hüseynbala

.