Azərbaycanın buğda ilə təminatını artırmağın əsas yolu sahələrdə müasir texnologiyaların tətbiqini genişləndirmək, orta və iri şirkətlərin yüksək texnologiyalar əsasında investisiya qoyuluşunu təşviq etməkdir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

Onun sözlərinə görə, ölkə olaraq bir sıra zəruri kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin edirik, lakin ərzaqlıq buğda zəif bəndlərdən biridir: “Bu gün biz buğda ilə özümüzü 60 % təmin edirik, amma ərzaqlıq buğda ilə 25 % təmin edirik. Ona görə də qlobal çağırışlar fonunda özümüzün potensialı hesabına ehtiyyatlarımızı artırmaq imkanı yaranıb. Aparılan təhlillər onu göstərir ki, müasir texnologiyalar tətbiq edən, o cümlədən də müasir suvarma sistemlərini tətbiq edən istehsalçıları təşviq etmək lazımdır ki, əraziyə investisiya qoyuluşu artırılsın”.

F.Fikrətzadə qeyd edib ki, ənənəvi olaraq hər il 550-600 min hektar ərazidə buğda əkilir: “Onlarında müəyyən bir istehsal metodu və sxemləri, öz təyinatları, məqsədləri var. Gördük ki, daha çox intensiv texnologiyaların tətbiq edən təsərrüfatların stimullaşdırılması ilə istehsal həcmini artıra bilərik. Əsas məqsəd suvarmada pivot texnologiyaları tətbiq edib, bu texnologiyalar hesabına məhsuldarlığı artırmaqdır. Yəni, su qıtlığı olan dövrdə sudan daha qənaətli istifadə hesabına yüksək məhsuldarlığın əldə edilməsi metodu ilə biz kənd təsərrüfatının əsas istiqamətlərindən olan buğda istehsalında məhsuldarlığı artırmaq istəyirik".

.