2021-ci ilin 1 sentyabr tarixinə Azərbaycanda bankların cəmi aktivlərinin həcmi 33 426 700 000 manat olub.

Mərkəzi Bankın məlumatına əsasən, əvvəlki ayla müqayisədə bankların aktivlərinin həcmi 0,7 faiz az, illik müqayisədə isə 7,6 faiz artıb.

Bankların cəmi öhdəliklərinin həcmi 28 613 000 000 manat təşkil edib. Bu isə aylıq müqayisədə 1 faiz, illik müqayisədə isə 8,6 faiz azdır. Cəmi bir ay ərzində bankların öhdəliklərinin həcmi 286 700 000 manat həcmində azalıb.

Sentyabr ayının 1-nə bankların xalis gəlirlərinin həcmi 455 200 000 manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis gəlirinin həcmi 4 faiz artıb.

Təkcə avqust ayı ərzində isə bank sektoru 46 300 000 manat gəlir əldə edib, bu iyul ayında əldə edilmiş xalis gəlirdən 8,7 faiz, 2020-ci ilin müvafiq dövründəki xalis gəlirlərdən isə 4,8 dəfə çoxdur.

Bu il bankların mənfəətdən ödədiyi vergilərin həcmi də ötən ilin eyni dövrünə nisbətən 23,4 faiz azalaraq 81 900 000 manat olub.

Sentyabr ayının əvvəlinə bank filiallarının sayı 466 ədəd, bankların ATM-lərinin sayı isə 2 844 ədəd olub, avqust ayı ərzində daha 1 bank filialı və 20 ədəd ATM istifadəyə verilib.

Hesabat dövrünün sonuna banklarda işçilərin sayı 19 344 olub. Bir ay ərzində 175 yeni işçi bank sektorunda fəaliyyətə başlayıb. Bank sektorunda çalışan işçilərin sayı ilin əvvəlindən 3,4 faiz artıb.

.