“2020-ci ildə ölkə üzrə ölənlərin sayı əvvəlki ilə nisbətən 25 min nəfər çox olub. Bu, çox ciddi siqnaldır”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

O bildirib ki, şəhərlərdə kişilər arasında ölüm qadınlara nisbətən təxminən bir neçə dəfə çoxdur: “Əvvəl 60 yaşdan sonra ölüm faizi yüksəlirdi, indi 45 yaşdan sonra bu faiz yüksəlir. Ölkə üzrə yaşa görə təqaüd alanların sayı təxminən 90 min azalıb. Bu, təkcə təqaüd yaşının qalxmasına görə deyil. Rəsmi şəkildə ölkədə orta ömür müddəti 77 ildir. Bu, ümumi qiymətləndirmədir, amma təhlillər göstərir ki, təqaüd yaşına çatmadan xeyli sayda insan ölür, bu yaş hətta 65 deyil. Qiymətləndirmə və real həyat ayrıdır”.

Baş direktor deyib ki, ölkədə 18 yaşa qədər uşaqlar arasında da son vaxtlar hər 10 000 nəfərə görə ölümün sayı təxminən 10-15 faiz artıb: “Burada qidalanma, uşaqlara göstərilən tibbi xidmətlərin təsiri var. Məsələn, bizim uşaq bağçalarında demək olar ki, həkim yoxdur. Niyə olmamalıdır? Uşaqlar vaxtının çoxunu bağçada keçirir. Bəzi məktəblərdə tibb məntəqəsi var, amma orda da həkim nəzarəti yoxdur. Rayonlarda ümumiyyətlə yoxdur, ola bilər ki, Bakının bəzi məktəblərində var. Uşaqların sağlamlığının qorunması daha çox vacibdir”.

.