"Sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başlatdığı hərbi təxribat beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında razılaşmaya baxmayaraq davam etdirilir".

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Azərbaycan Ordusu tərəfindən legitim hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirilir.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqa və humanizmə sadiq qalaraq, ölkəmizin ərazi bütövlüyünə qarşı təxribat törətmiş Ermənistan hərbçilərinin cəsədlərini birtərəfli qaydada Ermənistan tərəfinə təhvil verməyə hazır olduğunu bəyan edib və bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumatlandırılıb.

Belə bir vəziyyətdə Ermənistanın təxribatçı əməllərindən əl çəkməməsi və Azərbaycan mövqelərini artilleriya vasitələrindən atəşə tutması bu ölkənin bölgədəki vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu göstərir.

Ermənistanı dağıdıcı fəaliyyətindən çəkinməyə, humanitar atəşkəsə riayət etməyə çağırırıq. Bölgədə sülh yalnız beynəlxalq hüquqa ciddi riayət olunması əsasında təmin oluna bilər", - Azərbaycan XİN-dən bildirilib.

.