
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi:
- Hörmətli cənab Prezident, Əziz qardaşım.
Hörmətli heyət üzvləri.
Sizləri ən səmimi duyğularım və məhəbbətlə salamlayıram. Fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atmağınızdan sonra ilk rəsmi səfərinizdə Sizi Ankarada qonaq qəbul etməkdən böyük məmnunluq duyuram. Bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram.
Əziz qardaşımla bir az əvvəl çox faydalı bir görüş keçirdik, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələrimizi müzakirə etdik. Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi apardıq. İkitərəfli ticarət dövriyyəmizi bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırdıq. Təbii ki, bilirsiniz, hədəfimiz 15 milyard dollardır. Hörmətli Qardaşımla bu istiqamətdəki qətiyyətimizi möhkəmləndirdik.
May ayında Ankarada keçirəcəyimiz birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol Xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək. Bu gün imzalanacaq “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də hədəflərimizə çatmağımıza töhfə verəcək.
Geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərmişdir. 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olmuşdur. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yük daşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyimiz də əhəmiyyətlidir. Bu məsələdə dəstəyinizə güvənirəm.
Hörmətli cənab Prezident ilə enerji sahəsindəki əməkdaşlığımızı ətraflı müzakirə etdik. Diqqəti Avropadan keçən layihələrdə birgə təşəbbüslərimizin artırılmasının önəminə cəlb etdik. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasına önəm verirəm.
Təhsil sahəsindəki əlaqələrimizin inkişafından da məmnunluq duyuram. Bu çərçivədə bir az sonra imzalanacaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacaq. Universitetimiz elm və texnologiya sahələrində münasibətlərimizi yeni səviyyəyə qaldıracaq. Bu istiqamətdə başda səhiyyə olmaqla mühəndislik və texnologiya sahələrində təcrübə mübadiləmiz artacaq.
Digər tərəfdən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a bu il ev sahibliyi etməyinizdən böyük məmnunluq duyuram.
Dəyərli heyət üzvləri, Türk Dövlətləri Təşkilatımıza verdiyim böyük önəm sizə məlumdur. Növbəti fövqəladə Zirvə toplantımızı, İnşallah, Şuşada keçirəcəyik. Şimali Kipr Türk Cümhuriyyətinin Zirvə toplantısının tədbirlərinə qatılması məsələsində Azərbaycanın göstərdiyi həssaslığa və dəstəyə görə təşəkkür edirəm. Eyni həssaslığı təşkilatımızın digər üzvlərindən də gözləyirik. Təşkilatımız çərçivəsində əməkdaşlığı daha da inkişafı üçün ortaq səylərimizi davam etdirəcəyimizə inanıram.
İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və D8 iqtisadi və ticarət sahəsindəki əməkdaşlığımızı taclandıran digər önəmli regional təşkilatlardır. Xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatının malik olduğu potensialdan daha çox istifadə edəcəyimizə inanıram.
Ev sahibliyinizlə keçirilməsi nəzərdə tutulan növbəti Zirvə toplantısı ilə əlaqədar dəstəyimiz tamdır. Azərbaycanın D8-ə üzvlük müraciətini ən güclü şəkildə dəstəkləyirik. Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik.
Bu düşüncələrlə çıxışımı bitirərkən hörmətli qardaşım Əliyevə və dəyərli heyətinə bu səfərə görə bir daha təşəkkür edirəm. Qarşıdakı dövrün Türkiyə və Azərbaycan üçün xeyirli olmasını Uca Rəbbimdən diləyirəm.
X X X
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
16:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü başlayıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
.