Azərbaycan və Sudan Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsələhətləşmə keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidi qəbul edib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən geniş bölgədə cari vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun əhəmiyyətini qeyd ediblər. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmə mexanizminin, habelə qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb. Sudanın COP29-da fəal iştirakı, eləcə də bu il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasında əməkdaşlıq məmnunluqla qeyd olunub.

Görüşdə energetika, humanitar, təhsil, ASAN xidmət və digər sahələrdə əməkdaq müzakirə edilib. Azərbaycan tərəfindən sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycanla Sudan XİN-ləri arasında siyasi məsləhətləşmə keçirilib. Məsləhətləşməyə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Sudan tərəfdən isə Müaviyə Osman Xalid rəhbərlik edib.

.