Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla gürcüstanlı həmkarı Cuanşer Burçuladze arasında görüş zamanı regional təhlükəsizlik çağırışları müzakirə edilib.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, söhbət zamanı yüksək səviyyəli ikitərəfli səfərlərin dinamikasına diqqət yetirilib. Qeyd edilib ki, bu səfərlər tərəflərin hər iki ölkənin və regionun xeyrinə əməkdaşlığı gücləndirməyə hazır olduğunu təsdiqləyir.

Görüş zamanı nazirlər beynəlxalq təlimlərdə iştirak və hərbi təhsil proqramları da daxil olmaqla müdafiə sahəsində ikitərəfli əməkdaşlığın cari məsələlərini və gələcək planları da müzakirə ediblər.

Söhbət zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına da toxunulub. Qeyd edilib ki, strateji səviyyəli görüşlər, müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər və ekspertlərin görüşləri ölkələr arasında qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirir.

Görüşün sonunda Cuanşer Burçuladze Zakir Həsənovu mayın 26-da Gürcüstanın Müstəqillik günü münasibətilə Tbilisidə keçiriləcək tədbirə dəvət edib.
Qeyd olunub ki, rəsmi görüşdən öncə nazir Cuanşer Burçuladze Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyub.

.