Sentyabrın 30-da Rusiya Federasiyasının Kazan şəhərində ilk dəfə olaraq MDB-yə üzv dövlətlərin və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hərbi prokurorlarının dəyirmi masası keçirilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, gərbi prokurorluq orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni təsis edilmiş platformanın ilk iclasında sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində prokuror nəzarətinin təkmilləşdirilməsi, hərbi təsisatlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi və hüquqpozmaların qarşısının alınması, habelə peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Tədbirin əsas sessiyasında Azərbaycan Respublikası Baş prokurorunun müavini – Hərbi prokuror Bəhruz Əhmədov iştirak edərək ölkəmizin hərbi prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyəti barədə geniş məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar hərbi prokurorluqlar arasında birbaşa peşəkar əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyinin təmin olunması ilə bağlı koordinasiya edilmiş yanaşmaların formalaşdırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Bəhruz Əhmədovla Rusiya Federasiyası Baş prokurorunun müavini – Baş hərbi prokuror Valeri Petrov arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan və Rusiya hərbi prokurorluq orqanları arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Hərbi prokuror, həmçinin, Çin Xalq Azadlıq Ordusunun Hərbi Prokurorluğunun baş prokuroru Sun Xiujun ilə görüşüb.

Tərəflər hərbi prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsi, qanunçuluğun təmin olunması sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

.