Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirak edən nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndinə baş çəkərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olub.
Səfər zamanı qonaqlara 2021-ci ilin aprelində təməli qoyulmuş bu "Ağıllı kənd" barədə ətraflı məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində müasir və innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya edilmiş 200 fərdi yaşayış evi, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib.
Nümayəndə heyəti kənd sakinləri ilə görüşüb, onların gündəlik yaşayışı ilə maraqlanıb və yerli sakinlərin hazırladığı milli şirniyyatlara qonaq olub.
Bundan başqa, Komissiya üzvlərinə Zəngilan şəhərinin inkişaf konsepsiyası və həyata keçirilən layihələr təqdim olunub. Təqdimatda şəhərin baş planı, nəzərdə tutulan infrastruktur layihələri və müasir şəhərsalma yanaşmaları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Zəngilan şəhəri "Ağıllı şəhər" konsepsiyası əsasında yenidən qurulur və burada ekoloji davamlılıq, rəqəmsal həllər və müasir idarəetmə prinsipləri əsas prioritetlər kimi müəyyən edilib.
.
