Azərbaycan Respublikasının rəhbərliyinin qərarı ilə Birləşmiş Ərəb Əmirliklərində daimi yaşayış icazəsi olan əcnəbilərə 26 iyul 2018-ci il tarixindən etibarən Azərbaycanın beynəlxalq statuslu hava limanlarında viza rəsmiləşdirilməsinə başlanılmışdır. Bu barədə Azərbaycanın BƏƏ-dəki səfirliyi 26 iyul tarixində BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə rəsmi məlumat təqdim etmiş, həmçinin həmin gün Azərbaycana birbaşa uçuşlar həyata keçirən hava yolları şirkətləri və BƏƏ-nin böyük turizm şirkətləri arasında, özünün sosial şəbəkələrdəki səhifələrində elan yaymışdır.
Məlum olduğu kimi Azərbaycan son illərdə ərəb ölkələri və xüsusən BƏƏ-li turistlər arasında ən populyar turistik istiqamətə çevrilmişdir. Xüsusən yay aylarında və Qurban bayramı ərzində bu ölkədən Azərbaycana turist axını daha da güclənir. BƏƏ vətəndaşları və onları müşayiət edən ölkə rezidentləri Azərbaycana gəldikdə viza ala bilirdisə də, Asan sistemi ilə viza rəsmiləşdirilən bir sıra ölkələr istisna olmaqla bir çox ölkə vətəndaşları Azərbaycanın BƏƏ-dəki səfirliyi və baş konsulluğuna viza üçün müraciət etməli olurdu. Bu dəyişiklikdən sonra şübhəsiz ki, BƏƏ və Azərbaycan arasında turist mübadiləsi daha da artacaqdır.
Dəyişiklik barədə xəbər BƏƏ ictimaiyyəti tərəfindən gözləniləndən artıq sevinclə qarşılanmışdır. Xəbər paylaşılandan sonra cəmi iki istirahət günü ərzində səfirliyin təkcə feysbuk səhifəsindən elanın 100-ə yaxın paylaşılması olmuş, sosial mediyada ən müzakirə olunan xəbərlərdən birinə çevrilmiş, Azərbaycanın BƏƏ-nin rezident vizasına olan etibarı yüksək qiymətləndirilmişdir. Səfirliyin elektron poçt, sosial şəbəkələrdəki səhifələrinin məktub qutusuna və həmçinin telefon vasitəsilə yüzlərlə dəqiqləşdirici müraciətlər daxil olmuşdur.
Azərbaycan tərəfindən BƏƏ-yə münasibətdə tətbiq olunan bu dəyişiklik yerli mətbuatda geniş işıqlandırılmışdır.
.