Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında səsləndirib.

“Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır”, - deyə dövlət başçısı əlavə edib.

lham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlət başçısı deyib:

“Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.

Prezident: Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur

Təhsillə bağlı bu gün önəmli bir anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Əminəm ki, bu universitet yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcək”, - Prezident qeyd edib.

Prezident: Azərbaycandan Türkiyəyə təbii qazın ixrac həcminin artırılması nəzərdə tutulub

Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kub metr təbii qaz ixrac edilib, əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulub.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

“O cümlədən, Türkiyə üzərindən Avropa qitəsinə gedən təbii qaz bir çox Avropa ölkəsi üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Bakı-Tbilisi-Qars dəmir yolu öz həcmini genişləndirərək 1 milyon tondan 5 milyon tona qədər çatacaq və bu ilin ortalarında tam istismara verilməlidir”, - Prezident vurğulayıb.

 İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

Bu təklifi Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı ifadə edib.

“Bir daha, əziz qardaşım, göstərdiyiniz qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizi yenidən Azərbaycana dəvət etmək istəyirəm”, - dövlət başçısı vurğulayıb.

.