Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bunlar bizim şərtlərimizdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib.

“Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident: On bir il əvvəlki görüşdə demişdim ki, Laçına qayıdacağıq və belə də oldu

Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq!

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib.

“Əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyev bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən və orada işgəncələrə məruz qalan iki hərbçimizdən danışıb.

Dövlətimizin başçısı bununla bağlı deyib: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu bildirdiyini deyən Prezident İlham Əliyev qeyd edib: “Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz”.

.