Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.
Xatırladaq ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 14%, aşağı həddinin isə 8% səviyyəsində olması barədə qərar qəbul edib.
"2018-ci ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır".
Bunu da Elman Rüstəmov qeyd edib.
"Ötən beş ayda orta inflyasiya 3,2 faiz olub. Tədiyyə balansının yaxşılaşması davam edib. ÜDM-in 15,4 faiz səviyyəsinə profisit formalaşıb. Beş ayda ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. Əlverişli neft qiymətləri xarici sektor göstəricilərinin artmasına səbəb olub. İlin sonuna da ticarət balansının əlverişli olacağı gözlənilir. İqtisadi aktivlikdə başlamış müsbət dinamika da davam edib. Monetar şəraitin yüksəldilməsi tarazlı makroiqtisadi sabitlikdə balansın yaranmasına xidmət edib. Ötən müddətdə pul bazasına artmasına təsir göstərən monetar siyasət yürüdülüb. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz olub", - deyə E.Rüstəmov vurğulayıb.
AMB rəhbəri əlavə edib ki, inflyasiya dinamikasını nəzərə alaraq faiz dəhlizinin parametrləri növbəti dəfə avqustda müzakirə ediləcək.
"Azərbaycanda kredit faizləri ilə bağlı vəziyyət mürəkkəbdir".
Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır.
"Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Kreditlərə olan tələb və təklif nisbətini müəyyənləşdirilməlidir. Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir. Makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik", - deyə E.Rüstəmov vurğulayıb.
"Azərbaycan Mərkəzi Bankı üçün uçot dərəcəsinin 8% olması komfort hesab olunur”.
Bu haqda da Mərkəzi Bankının İdarə Heyətinin sədri . Onun sözlərinə görə, əgər ilin ikinci yarısında inflyasiya aktivləşərsə, bu komfort zona dəyişə bilər.
"Ümumilikdə uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Bütövlükdə makroiqtisadi sabitliyin təmini üçün məqsədimiz birrəqəmli inflyasiya, məqbul volatilliyə və proqrnozlaşdırılabilən məzənnəyə nail olmaqdır. Digər qurumlarla birgə bu istiqamətdə işləməyik”, - deyə E.Rüstəmov əlavə edib.
.
