Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Türkiyədə keçiriləcək COP31-lə bağlı bir sıra görüşlər keçirib.

APA-nın Türkiyə bürosuna açıqlama verən Muxtar Babayev bu çərçivədə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın inkişaf prosesinin və birgə fəaliyyət imkanlarının müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, görüşlərdə COP31-in uğurla təşkilinə hansı töhfələrin verilə biləcəyi birlikdə nəzərdən keçirilib: “Hazırkı dövrdə çoxsaylı qlobal və geosiyasi çağırışların mövcud olduğunu nəzərə alaraq, işimizin kifayət qədər mürəkkəb olduğunu anlayırıq. Buna baxmayaraq, Türkiyəyə ən yüksək səviyyədə dəstək göstərmək üçün səylərimizi davam etdiririk”.

Muxtar Babayev V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Aerokosmik Sənayesi şirkətinin rəhbərliyi ilə də görüş keçirdiyini vurğulayıb: “Bu görüşlər xüsusi maraq doğurur, çünki onlar müasir texnologiyalardan istifadə etməklə emissiyaları, xüsusilə metan qazı buraxılışlarını peyklər və kosmik müşahidə sistemləri vasitəsilə ölçə bilirlər. Bu texnologiyalar bizə imkan verir ki, dünyada hansı ölkələrdə emissiyaların daha yüksək olduğunu əvvəlcədən müəyyən edək, onları identifikasiya edək və həmin ölkələrə bu sahədə dəstək göstərək. Məsələn, metan emissiyalarının azaldılması, qarşısının alınması və effektiv idarə olunması istiqamətində əməkdaşlıq imkanları mövcuddur. Həmçinin, pilotsuz uçuş aparatları və digər müasir aviasiya texnologiyalarından istifadə imkanları da müzakirə olunub. Bu texnologiyalar yanğınlar zamanı, eləcə də müxtəlif emissiyaların ölçülməsi və monitorinqi prosesində mühüm rol oynaya bilər. Ümumilikdə, bu görüşlər çərçivəsində bir sıra konkret əməkdaşlıq istiqamətləri müəyyən edilib və bu sahədə işlərin davam etdirilməsi planlaşdırılır”.

.