
Ötən il beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasının qlobal bazarın ayrılmaz iştirakçısı olan Azərbaycana də sirayət edib, bir sıra mal və xidmətlərin, ələxsus da ərzaq məhsullarının bahalaşıb və hökumət tərəfindən buna cavab olaraq anti-inflyasiya tədbirləri gücləndirilib.
Bu barədə maliyyə naziri Samir Şərifov Maliyyə 2021-ci ilin dövlət büdcəsinin icrası və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş Maliyyə Nazirliyinin kollegiya iclasında deyib.
Qeyd olunub ki, hazırda aparılan ardıcıl kompleks tədbirlərin əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir. Çevik və kompleks antiinflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcəyini deyən Kollegiyanın sədri bu istiqamətdə Maliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrin icrasına dair aidiyəti struktur bölmələrə tapşırıqlar verib.
Xatırladaq ki, Baş nazir Əli Əsədov 2022-ci ilin fevral ayının 21-də "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, bu tədbirlər ölkədə makroiqtisadi sabitliyin qorunması, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqinin azaldılması, minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması, habelə əhalinin sosial rifahının qorunmasına yönəldilib.
2022-ci ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri illik müqayisədə 12,5% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,1%, qeyri-ərzaq məhsulları 5,9%, əhaliyə göstərilmiş ödənişli xidmətləri isə 11,1% bahalaşıb.
Qeyd edək ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib. Təkcə dekabr ayında isə illik inflyasiya 12% olub. Bundan əlavə, bu ilin yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 34,647 mlrd. manat təşkil edib ki, bu da yeni tarixi maksimumdur. AMB-nin 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.
.