25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması ilk gündən etibarən böyük ictimai və beynəlxalq diqqət doğurdu.

Hadisənin yalnız adi texniki qəza olmadığını artıq demək olar ki, bütün əsas tərəflər qəbul edib.

İstər dövlət rəhbərlərinin açıqlamaları, istərsə də yayımlanan rəsmi araşdırma sənədləri göstərir ki, təyyarə kənar silahlı təsirə - yəni vurulmaya məruz qalıb. Bu qənaət təkcə siyasi bəyanatlarda deyil, həm də texniki və faktoloji sübutlar, ekspertizanın nəticələri əksini tapır.

Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən 2025-ci ilin fevral ayında yayımlanan ilkin hesabatda hadisənin texniki səbəblərdən baş vermədiyi qeyd olunub. Təyyarənin qara qutularından oxunan məlumatlara görə, hər iki mühərrik qəza anına qədər sabit və normal rejimdə işləyib. Uçuşa yararlılıqla bağlı parametrlər stabil olub və idarəetmə sistemlərində ciddi pozuntu yalnız kənar səs və zərbələrdən sonra yaranıb.

AZAL-ın təyyarəsinin vurulması beynəlxalq məhkəmədə

Daha vacib məqam ondan ibarətdir ki, təyyarənin füzelyajında, xüsusilə arxa hissəsində - stabilizatorlarda və sol qanadın bəzi elementlərində çoxsaylı dəlib-keçən və kor zədələr aşkarlanıb. Qalıqlardan götürülən, təyyarəyə məxsus olmayan metal fraqmentlər isə artıq konkret maddi sübut kimi qeyd edilib. Dövlət orqanlarının rəsmi sənədlərində quşla toqquşma və ya daxili partlayışa dair heç bir dəlilə rast gəlinmir. Bu isə o deməkdir ki, texniki nasazlıq və ya təsadüfi təbii amil ehtimalı praktiki olaraq aradan qalxıb.

Həmçinin qeyd olunub ki, GPS siqnallarının itməsi, radioelektron təsir və bunun fonunda mərhələli sistem nasazlıqları məhz kənar müdaxilənin olmasını göstərən texniki ardıcıllığı formalaşdırır.

Təyyarənin vurulmasının ildönümündə - 25 dekabr 2025-ci ildə Qazaxıstan tərəfinin açıqladığı aralıq hesabat isə ilkin sənəddə qeyd olunan istiqamətləri daha da gücləndirib. Hesabatda xüsusi olaraq bildirilib ki, təyyarədə oksigen balonları və digər daxili avadanlıqlar zədələnməyib. Bu fakt daxili partlayış versiyasını tam şəkildə istisna edir.

Həmçinin vurğulanır ki, təyyarənin zədələnmiş hissələrindən götürülən metal fraqmentlər silah sisteminə aid ola bilər. Silahın konkret modeli açıqlanmasa da, fraqmentlərin struktur xüsusiyyətləri onların təsadüfi metallurgiya qalıqları deyil, məhz hərbi təyinatlı sursat elementləri olmasını ehtimal etdirir. Bu istiqamətdə aparılan laborator ekspertizalar yekun hesabatın əsas sübut bazasını formalaşdıracaq.

AZAL təyyarəsinin vurulması əmrinin verildiyi gün - XRONOLOGİYA - Oxu.az

Qazaxıstan, Azərbaycan, Rusiya və Braziliyadan olan ekspertlərin ümumi mövqeyi də kifayət qədər konkret səslənir: təyyarə texniki nasazlıq səbəbindən yox, kənar müdaxilə - yəni vurulma nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Təyyarənin vurulmasına dair əminlik dövlət başçılarının açıqlamalarından da hasil olur.

Azərbaycan Prezidenti İlham Əliyev hadisədən qısa müddət sonra verdiyi açıqlamada baş verənlərlə bağlı ən mühüm məqamı açıq şəkildə dilə gətirdi: AZAL təyyarəsi Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə alıb. Prezidentin sözlərinə görə, əvvəlcə radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində təyyarənin idarəetməsi pozulub. Bu, hava gəmisinin normal uçuş rejimindən çıxaraq qeyri-sabit vəziyyətə düşməsinə səbəb olub. Daha sonra isə yerdən açılan atəş nəticəsində təyyarənin xüsusilə arxa hissəsi – şaquli və üfiqi stabilizatorları ciddi zədələnib.

Dövlət başçısı füzelyajda qeydə alınan çoxsaylı dəlikləri və kor zədələri xatırladaraq “quşlarla toqquşma” kimi ilkin ehtimalların tam əsassız olduğunu bildirib.

AZAL təyyarəsinin vurulması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir - Yeni  Çağ

Rusiya Prezidenti Vladimir Putin də məsələ ilə bağlı mövqeyini açıqlayaraq, hadisənin Rusiya hava məkanında baş verməsi faktına xüsusi diqqət çəkib və həlak olanların ailələrinə başsağlığı verib. O, istintaqa hərtərəfli dəstək göstəriləcəyini və Rusiya tərəfinin bu prosesdə fəal iştirak etdiyini bildirib. Bu açıqlama, dolayısı ilə, hadisənin fövqəladə və kənar müdaxilə nəticəsində baş verdiyini qəbul edən bir siyasi yanaşma kimi dəyərləndirilə bilər. Bu, həm də məsuliyyətin paylaşılması və şərtlərin şəffaf araşdırılması üçün zəruri siyasi baza formalaşdırır.

Beləliklə, hər iki ölkə rəhbərliyinin açıqlamaları ümumi mənzərəni təsdiqləyir: mülki hava gəmisinin vurulması artıq yalnız versiya deyil, ciddi siyasi və hüquqi reallıqdır.

Bütün bu faktlar və açıqlamalar bir nəticəyə gəlməyə imkan verir: AZAL-a məxsus mülki sərnişin təyyarəsinin vurulması artıq rəsmi sənədlər və dövlət rəhbərlərinin bəyanatları ilə təsdiqlənən reallıqdır.

.