Avropa Komissiyası Seuta anklavında miqrasiya böhranı səbəbindən İspaniya və İtaliyanın daxili sərhədlərdə müvəqqəti yoxlamalar tətbiq etməsindən sonra Şengen zonasında normal rejimə qayıdılacağını gözləyir.
Bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye bildirib.
"Əgər müsbət meyllər davam edərsə, komissiya daxili sərhəd yoxlanışları ilə bağlı vəziyyətin normaya dönəcəyini hesab edir", - Mersye deyib.
Onun sözlərinə görə, İspaniya və İtaliyanın daxili işlər nazirləri tətbiq edilən tədbirlərin müvəqqəti olduğunu təsdiqləyiblər. Bununla belə, Brüssel onlardan müəyyən bir tarixə qədər yoxlanışları ləğv etmək barədə öhdəlik almayıb.
İtaliya, Mərakeşdən Seutaya kütləvi miqrant axınından sonra, avqustun 1-dən İspaniyadan gələn sərnişinlərin yoxlanışını bərpa edib. Roma bu tədbirlərin ən azı avqustun 15-dək qüvvədə olacağını bildirib. Buna cavab olaraq İspaniya da İtaliyadan gələn sərnişinlərin yoxlanışını tətbiq edib və ilkin olaraq onların qüvvədə olma müddətini sentyabrın 7-dək müəyyənləşdirib.
Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, Brüssel avqustun 15-ni miqrasiya böhranı ilə bağlı xüsusi bir tarix kimi nəzərdən keçirmir.
.
