
Prezident İlham Əliyevin son 15 gündə beynəlxalq toplantılarda - istər BMT Baş Assambleyasının 80-ci sessiyasında, istər Danimarkada Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında, istər Qəbələdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, istərsə də Misirdə Qəzza ilə bağlı sülh sammitində iştirakı çoxşaxəli xarici siyasətin təzahürüdür.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Arzu Nağıyev bildirib ki, bu, həm də Azərbaycanın nüfuzunun artması, Prezident İlham Əliyevin dünya liderləri arasında qazandığı etimadın göstəricisidir: “Azərbaycan Prezidenti dünya səhnəsində nüfuzlu lider kimi tanınır. Prezident İlham Əliyevin verdiyi mesajlar - enerji təhlükəsizliyinə təhdidin qarşısının alınması, qlobal təhlükəsizlik, kommunikasiyaların açılmasında əməkdaşlıq, sülh quruculuğu ilə bağlı fikirləri mühüm əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, göstərir ki, Prezident İlham Əliyev bütün hadisələrin tək iştirakçısı deyil, həm də hadisələrə istiqamət verən bir dövlət rəhbəridir. BMT-nin kürsüsündə çıxışında Prezident İlham Əliyev yeni təhlükəsizlik arxitekturası ideyasını irəli sürdü, Danimarkada Avropa Siyasi Birliyinin zirvə toplantısında Cənubi Qafqazda etibarlı körpü mövzusunda çıxışı oldu, Qəbələdə Azərbaycanın Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyini təsdiqlədi, Misirdə Qəzza ilə bağlı keçirilən Sülh Sammitində ədalətin və qarşılıqlı hörmətin vacibliyini vurğuladı. Bütün bunlar Azərbaycanın yüksələn imici deməkdir. Prezidentin son 15 gündə bu qədər mühüm beynəlxalq toplantılarda iştirakı onu göstərir ki, Azərbaycanın regional lider olduğu qlobal səviyyədə qəbul edilir və etibarlı tərəfdaş kimi Azərbaycanla münasibətlər qurulur”.
Parlamentin komitə sədri qeyd edib ki, bu, bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür: “Bu siyasətin əsasında da suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahı durur”.
.