Ötən ilin yekunlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 mlrd. ABŞ dollarını üstələyib.

ARDNF-dan verilən məlumata görə, Fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 mlrd. dollar təşkil edib. Sözügedən gəlirlərin 8,9 mlrd. ABŞ dolları həcmindəki hissəsi son 10 ildə əldə edilib.

Məlumata görə, 2021-ci il ərzində ARDNF-nin büdcə gəlirləri 15 985,6 mln. manat, büdcə xərcləri isə 11 382,7 mln. manat təşkil edib.

“2021-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 698,2 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 894,6 mln. manat, bonus ödənişləri 776,9 mln. manat, akrhesabı ödənişləri 5,3 mln. manat, tranzit gəlirləri 21,4 mln. manat təşkil etmişdir”, - məlumatda bildirilir.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 287,4 mln. manata bərabər olub ki, bu da ümumi gəlirlərin 20,56%-ni təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 119,3 mln. manat təşkil edib.

Ötən il ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 11 350,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 mln. manat yönəldilib. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 mln. manat təşkil edib. 2022-ci il yanvarın 1-ə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 3,35 % artaraq 45 025,1 mln. ABŞ dollarına bərabər olub.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm altportfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

.