Bu il Bakıda keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq şöbəsinin müdiri Asəf Ömərov bəyan edib ki, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub: "Bundan 5 ton çərçivə halındadır. Daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub".
O qeyd edib ki, Azərbaycanda 271 682 arı ailəsi mövcuddur və hər arı ailəsində illik məhsuldarlıq orta hesabla 10 kq, illik respublika üzrə bal istehsalı isə 3 min tondur. Bal istehlakı isə 5 min tondur. Ən çox arı ailəsi Zaqatala (17097), Astara (12429), Qax (9125), Lerik (8669), Balakəndədir (8581).
Onun sözlərinə görə, hər il yarmarkanın təşkilati və məhsulların keyfiyyəti məsələləri üçün cavabdehlik daşıyırdı. Bu il isə yalnız təşkilatı məsələlərə görə məsuliyyət daşıyacaq. Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) isə satışa çıxarılacaq balların keyfiyyət məsələsinə baxacaq.
Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yarmarkaya daha fərqli yanaşmağı planlaşdırır: "Bundan başqa, Qida Təhlükəsizlilyi Agentliyi balın keyfiyyəti ilə bağlı daha diqqətlidir. Bu il əvvəlki yarmarkalardan fərqli olaraq biz tərəfdaş qismində çıxış edəcəyik ".
Qida Təhlükəsizlilyi Agentliyinin Baytarlıq Nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev isə bildirib ki, 3974 adda bal məhsullarından 900 növü, yəni 30 ton bal məhsulu ekspertiza nəticələrinə görə yararsızdır ".
KİVA beynəlxalq sertifikasiya təşkilatının əməkdaşı Mətin Duran bildirib ki, təmsil etdiyi qurum Azərbaycan məhsullarının dünya bazarına çıxarılması üçün sərgi-satış yarmarkasında üçüncü tərəf qismində çıxış edir: "Burada bizim işimiz məhsullara AQTA tərəfindən verilən nəticələrdən narazı olan sahibkarların məhsullarını yenidən ekspertizadan keçirməkdir. Bununla da yarmarkanın tam şəffaf şəkildə keçirilməsinə və bu biznesin inkişafına töhfə verməkdir ".
Sabahdan başlayacaq və ayın 28-nə qədər davam edəcək bal yarmarkasında balın satışı 20 -25 AZN olacaq". Bunu Publika.az-a Azərbaycan Arıçılar Assosiasiyanın sədri Bədrəddin Həsrətov deyib. Onun sözllərinə görə, keyfiyyətsiz məhsulların çıxdığı ərazilər bu dəfə də Astara və Daşkəsən zonalarında daha çox müşahidə edilib: "Bu istiqamətdə həmin ərazilərdə hər il maarifləndirmə tədbirləri görülsə də, sahibkarlar qoyulan normalara əməl etmirlər".
.
