Qətər və Pakistanın rəhbərlik etdiyi vasitəçilər ABŞ və İran arasında danışıqların bərpası və Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısının alınması istiqamətində irəliləyiş əldə ediblər.
Bu barədə “Associated Press“ iki regional rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, son üç gündə nə ABŞ, nə də İran qarşılıqlı hücum həyata keçirib. Vasitəçilər Vaşinqton və Tehran arasında son döyüşlər nəticəsində faktiki olaraq pozulmuş müvəqqəti atəşkəs razılaşmasını yenidən qüvvəyə mindirmək üçün çalışırlar.
Regional rəsmilərdən biri vasitəçilik səylərində əldə olunan irəliləyişi "əhəmiyyətli" adlandırıb. Onun sözlərinə görə, tərəflər həmçinin İran və Oman arasında Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini tənzimləyəcək mexanizm üzərində işləyirlər.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, vasitəçilər mesajlar çatdırsalar da, hazırda ABŞ ilə birbaşa danışıqlar aparılmır.
.
