Azərbaycan Avropa İttifaqı (Aİ) üçün strateji əhəmiyyətli tərəfdaş olaraq qalır və bu ölkə ilə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından həlledici əhəmiyyət kəsb edir.

Bunu Aİ Şurasının Prezidenti Antonio Koşta Azərbaycana gözlənilən səfərini şərh edərkən bildirib.

Aİ Şurası Prezidentinin ofisindən vurğulanıb ki, Koşta Bakıda bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək.

"Azərbaycan Aİ üçün strateji əhəmiyyətə malik tərəfdaşdır. Energetika sahəsindəki əməkdaşlığımız enerji resurslarının tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyimizin möhkəmləndirilməsi üzrə səylərimiz üçün həlledici əhəmiyyət kəsb edir. Görüşümüz həmçinin Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün imkan olacaq. Aİ Azərbaycan hökuməti və xalqı ilə tam həmrəydir", - Koşta qeyd edib.

Mətbuat xidmətindən əlavə ediblər ki, Aİ-nin Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ Azərbaycanın əsas investoru və ən böyük ticarət tərəfdaşıdır.

Xəbər verdiyimiz kimi, Aİ Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək və bu, onun ölkəyə ilk səfəri olacaq.

.