2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində tam bərpası ilə nəticələnərək Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcını qoydu. Qarabağda separatçı strukturların mövcudluğuna son qoyulması Bakının qarşısında artıq fərqli bir hədəf – əldə edilmiş hərbi-siyasi nəticəni uzunmüddətli regional üstünlüyə çevirmək vəzifəsini ortaya çıxardı. Bu gün Azərbaycanın artan nüfuzu yalnız hərbi potensialla deyil, enerji təhlükəsizliyindəki rolu, Orta Dəhliz, nəqliyyat-logistika imkanları və çevik diplomatiyası ilə də müəyyənləşir. Bir sıra qlobal güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqazda Bakının mövqeyinin güclənməsi regiondakı qüvvələr nisbətinə də yeni məzmun qazandırıb.
Bəs 2023-cü ilin antiterror tədbirləri Azərbaycanın Cənubi Qafqazda regional gücə çevrilməsi prosesində hansı rolu oynadı və Bakı əldə etdiyi üstünlüyü gələcəkdə necə möhkəmləndirə bilər?
Siyasi şərhçi Şakir Ağayev 247press.media-ya açıqlamasında bildirib ki, 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın həm Cənubi Qafqazdakı, həm də beynəlxalq müstəvidəki mövqeyinə ciddi təsir göstərib. Onun fikrincə, əməliyyat ölkənin öz milli maraqlarını qorumaq imkanlarını nümayiş etdirməklə yanaşı, regiondakı siyasi münasibətlərin xarakterini də dəyişib.
“Azərbaycan 23 saatlıq antiterror əməliyyatı nəticəsində böyük dəqiqliklə elə bir əməliyyat keçirdi ki, həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa etdi. Bununla Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı”, – o, vurğulayıb.
Siyasi şərhçinin fikrincə, bundan sonra Bakının regional aktorlarla münasibətlərində manevr imkanları genişlənib. Ərazilərin işğal altında olduğu dövrdə Qarabağ məsələsi Azərbaycanın xarici siyasətində mühüm məhdudiyyət yaradırdısa, suverenliyin tam bərpası ölkəyə öz maraqlarını daha sərbəst müdafiə etmək imkanı verib.
“Artıq Cənubi Qafqazda marağı olan dövlətlər Azərbaycanın milli və dövlət maraqlarını nəzərə almalıdırlar. Azərbaycan bu dövlətlərlə kiçik-böyük dövlət münasibəti çərçivəsində deyil, bərabər və tamhüquqlu dövlət səviyyəsində danışıqlar aparmaq imkanına malikdir”.
Ağayev Azərbaycanın mövqeyinin möhkəmlənməsində iqtisadi və coğrafi amilləri də xüsusi qeyd edir. Onun sözlərinə görə, qlobal nəqliyyat və enerji marşrutlarında baş verən dəyişikliklər fonunda ölkənin tranzit potensialı siyasi çəkisini tamamlayan əsas üstünlüklərdən birinə çevrilir.
“Azərbaycan Orta Dəhlizin əsas oyunçularından biridir. Mərkəzi Asiya ilə Avropanı birləşdirən, Şimal-Cənub istiqamətində nəqliyyat əlaqələrinin kəsişdiyi mühüm coğrafi mövqeyə malikdir”, – siyasi şərhçi deyib.
Onun qənaətinə görə, enerji təhlükəsizliyindəki rol və nəqliyyat-logistika layihələri Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini daha da artırır:
“Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, Orta Dəhlizdəki mövqeyi və nəqliyyat-logistika layihələri ölkənin diplomatik imkanlarını artırır. Azərbaycanın siyasi, iqtisadi və diplomatik çəkisinin yüksəlməsi üçün bunlar mühüm amillərdir”.
Lakin suverenliyin tam bərpası ilə proses başa çatmır. Növbəti mərhələdə əldə edilmiş nəticənin dayanıqlı siyasi və iqtisadi üstünlüyə çevrilməsi, azad edilmiş ərazilərin bərpası və regionda uzunmüddətli sabitliyin təmin olunması ön plana çıxır.
