Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb.
Bakı Beynəlxalq Avtovağzalında yerləşən "Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib. Ticarət mərkəzində çalışanlardan saytımıza verilən məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır.
Aldığmız məlumatda deyilir ki, ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər: "Anar Məmmədovun özünü görmədik amma, nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın bütün mağazaların borcları sıfırlanacaq. Açığı, buna çox sevindik”.
Məlumatı verən satıcı deyir ki, "Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb: "Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq da..”.
