Azərbaycan Milli Elmlər Akademiyası ölkənin ən yaşlı sakininin adını açıqlayıb. Akademiyanın Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, hazırda Azərbaycanın ən yaşlı adamı 104 yaşlı Lənkəran sakini Vəsmə Abbasovadır.
Hazırda ölkənin ən yaşlı sakini olan Vəsmə Abbasova Lənkəranın Gərmətük qəsəbəsində yaşayır. Tam dəqiqləşdirilmiş məlumata əsasən onun 104 yaşı var. Yaşının çox olmasına baxmayaraq Vəsmə nənənin səhhəti normaldır. Onun 7 övladı, 27 nəvəsi, 46 nəticəsi, 8 kötücəsi var. Ölkənin ən yaşlı sakini ev işləri ilə özünün məşğul olduğunu, heç vaxt ağır xəstələnmədiyini bildirir. Deyir ki, nəsildə təkcə o uzunömürlü deyil.
Vəsmə Abbasova - uzunömürlü :"Mənim anam da 111 il yaşayıb,bacım isə 91 il yaşayıb.” 
Vəsmə nənə qədər yaşları olmasa da ətraf kəndlərdə xeyli sayda uzunömürlü insanlar yaşayır. Onlardan biri də Gərmətük qəsəbə sakini Kafiyə Babayevadır. Hazırda 96 yaşı olan Kafiyə nənə uzun ömür sürməsinə səbəb kimi zəhmətsevər həyat tərzini seçməsi və qidalanmasına fikir verməsini göstərir.
Kafiyə Babayeva -uzunömürlü :"Mən atam evində olandan , yəni 15 yaşımdan 70 yaşıma qədər işləmişəm.Bicarda işləmişəm,kartof əkmişəm,pomidor əkmişəm. Hər səhər də süd içirəm.Ancaq sulu yeməklər yeyirəm” 
Kafiyə nənə indi də təsərrüfat işləri ilə aktiv məşğul olduğunu, təndirdə çörək bişirdiyini bildirir. Bildirək ki, Lənkəranda uzunömürlülərin, yəni yaşı 90-ı keçənlərin ümumi sayı 107 nəfərdir.



.