Almaniyanın Xarici Kəşfiyyat Xidmətinin (BND) 31 yaşlı əməkdaşı ABŞ-ın xeyrinə casusluğa görə tutulub.
Virtualaz.orrg xəbər verir ki, həmin kəşfiyyatçı ABŞ-ın xeyrinə casusluqla məşğul olduğunu etiraf edib. Alman mətbuatının yazdığına görə casus Almaniya bundestaqının Amerika xüsusi xidmət orqanlarının ölkə ərazisində fəaliyyətini araşdıran komissiyasının işi çərçivəsində ifşa edilib. Bu araşdırma Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ Milli Kəşfiyyat Agentliyi tərəfindən Almaniya kansleri Angela Merkelin telefonlarının dinlənildiyini açıqlamasından sonra başlamışdı.
Bildirilir ki, Amerika casusunun tutulması ilə bağlı bu ölkənin Berlindəki səfiri Con Emerson Almaniya XİN-ə çağrılıb. Səfirdən xahiş edilib ki, məsələnin aydınlaşdırılması üçün mümkün olan köməyi göstərsin. ABŞ MKİ, Milli Kəşfiyyat Agentliyi və Ağ Ev isə məsələni şərh etməkdən imtina ediblər. "New York Times” qəzeti isə yazıb ki, Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi Almaniyanı kəşfiyyat üzrə dialoqu dayandırmaqla hədələyib. Bildirilir ki, bu həbs Merkelin telefonlarının dinlənilməsi əhvalatının üzə çıxmasından sonra zədələnən ikitərəfli münasibətlərin bərpası yönündə görülən bütün işləri heçə endirir.
.
