Almaniya səfirliyi İranın Azərbaycana dron hücumlarını qınayıb.
Səfirlik bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün Naxçıvanda İran dronlarının zərbələrini və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərəkətləri qətiyyətlə pisləyirik. Azərbaycan və bu hadisədən zərər çəkənlərlə həmrəyliyimizi ifadə edirik.
Vəziyyəti və baş verən sonrakı inkişafları diqqətlə izləməyə davam edirik”, - səfirlikdən bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.
Niderlandın Azərbaycandakı səfirliyi İran tərəfdən Naxçıvana pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumları qətiyyətlə pisləyib.
Bu barədə səfirliyin "Facebook" səhifəsindəki paylaşımında bildirilib.
"Səfirlik bu gün Naxçıvana edilən dron hücumlarını qətiyyətlə pisləyir. Bu cür hərəkətlər qəbuledilməzdir və Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün pozuntusudur. İranın hücumları regional sabitliyi daha da sarsıdır. Bu çətin məqamda biz Azərbaycanla və zərərçəkənlərlə tam həmrəyliyimizi ifadə edirik", - məlumatda qeyd olunub.
Xatırladaq ki, martın 5-də İran pilotsuz uçuş aparatları ilə Naxçıvan ərazisindəki obyektlərə hücum edib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu XİN-ə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bəyan edib.
.
