Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə araşdırılan iş üzrə şahid ifadələrinin dinlənilməsinə başlanılıb.

Prosesdə "Ağstafa Su Tikinti" ASC, Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verib.

İttihama görə, Vaqif Məmmədov Şəmkir şəhərində abadlıq işlərinin görülməsi, xidmət üzrə ümumi himayədarlıq üçün Alimpaşa Məmmədova 218 min 116 manat rüşvət verib.

Alimpaşa Məmmədov həmin məbləği köməkçisi Mahir Əliyevin vasitəsilə öz xidməti otağında alıb.

Şahidin məhkəmədəki ifadəsindən o da məlum olub ki, “Şəmkir Səbəti” bazarının paylarının bir hissəsi oğlu Orxan Məmmədliyə məxsusdur. Digər hissələr isə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyev arasında bölüşdürülüb.

İttihamda Alimpaşa Məmmədovun həmin bazarı sözügedən şəxslərə cəmi 40 manata satdığı qeyd olunub.

.