"Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur".
Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə KİV rəhbərləri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, amma 2000-ci ildən bu günə qədər Azərbaycan məhkəmələrində baxılan mülki işlərin sayı 20 dəfə artıb.
R.Rzayev qeyd edib ki, 2016-cı ildə məhkəmələrdə 470 min mülki işə baxılıb: "2017-ci ildə isə müəyyən qanunlarda edilən dəyişikliklərə görə, mülki işlərdə azalma olub. Son 18 ildə məhkəmələrdə baxılan cinayət işlərinin sayı hər il üzrə, təxminən, eyni olub. İstər 2000-ci il olsun, istərsə də 2005-ci il olsun, ya bu gün olsun, cinayət işlərinin sayı 15 mini keçməyib. Ümumiyyətlə, Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur".
Ali Məhkəmə sədrinin sözlərinə görə, Bakıda yerləşən məhkəmələrin hər bir hakimi orta hesabla ayda 130 işə baxır: "Rayonlarda isə hər hakim ayda 180-200 işə baxır".
"Azərbaycanın rayon məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxs təyin etmək çətindir".
Bunu da Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə KİV rəhbərləri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bəzi rayonlarda cəmi bir hakim var: "Həmin hakimin də məhkəmə işləri çox olduğundan mətbuata açıqlama verməsi çətindir. Biz, əsasən, bu prosesi Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə tətbiq etmək istəyirik. Həmçinin istəyirik ki, hər məhkəmədə mətbuat üçün bir nəfər məsul şəxs ayrılsın və onun əlaqə vasitələri də Ali Məhkəmənin saytında yerləşdirilsin. Bununla da jurnalistin məhkəmələrdən informasiya almaq şəraiti yaxşılaşdırılsın".
.
