Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünən baş tutan görüşünü müsbət qiymətləndirib.

Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.

O qeyd edib ki, görüş zamanı tərəflər cəmiyyətlərin yaxınlaşmasının, sülh şəraitində yaşamağın və bir-birinə doğru addımlar atmağın zəruriliyi ilə bağlı ümumi fikrə gəliblər.

"Qeyd etmək istəyirəm ki, həmkarım (Sahibə Qafarova - red.) bu fikri bölüşür. Görüş çox müsbət və səmimi atmosferdə keçib", - A.Simonyan əlavə edib.

Onun sözlərinə görə, tərəflər həmçinin münasibətlərin normallaşması istiqamətində müvafiq addımların tezliklə atılmasının vacibliyi barədə ümumi fikir ifadə ediblər.

A.Simonyan yüksək səviyyəli qarşılıqlı səfərlərin mümkünlüyünü istisna etməyib, lakin onun fikrincə, bu bir sıra şərtlər yerinə yetirildikdən sonra mümkündür.

.