Akif Çovdarov: "Nazir onu cəzalandırmışdı deyə, mənimlə qərəzi var”

Ləğv Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Peoses Sabunçu rayon Məhkəməsinin binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən proses jurnalistlərin iştirakı olmadan keçirilir. Prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən İlqar Aşurbəyov da əvvəllər MTN-də işləyib. O, A.Çovdarova 300 min manat verdiyini deyərək bildirib ki, A. Çovdarov ona hədə-qorxu gələrək, ailəsi ilə hədələyib: "Akif Çovdarov dedi ki, ailəm var. Mən də bu sözdən qorxduğum üçün ona pulu verdim".
A. Çovdarov isə onun dediklərini təkzib edərək bildirib ki, İ.Aşurbəyovun onunla şəxsi qərəzi olub: "Nazir Eldar Mahmudovun bir tapşırığı ilə bağlı mən işçimə tapşırıq vermişdim. İşçim həmin tapşırıqla bağlı İlqar Aşurbəyovdan bir məsələni soruşmuşdu. O da mənim işçimə kobud cavab vermişdi. Bunu nazirə məruzə etdim, O, İlqar Aşurbəyovu cəzalandırdı. Buna görə onun mənimlə qərəzi var".

Vəkillər İ.Aşurbəyovdan baş verənlərlə bağlı hansısa quruma şikayət edib-etməməsini soruşublar. O bildirib ki, heç kimə şikayət etməyib və vəzifədən çıxandan heç kimlə təması olmayıb. 
Daha sonra iclasda şahid qismində keçmiş MTN əməkdaşı, hazırda DTX-nın idarə rəisi olan Anar Abidov ifadə verib. O, zərərçəkmiş Tofiq İbrahimovdan 62 min manat alması haqqında deyilənləri təkzib edib. 

Proses günün ikinci yarsında davam etdiriləcək.

Akif Çovdarova qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və ya israfetmə, quldurluq, hədə-qorxu ilə tələbetmə, qanunsuz silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələri ilə ittiham verilib. 
Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova da CM-nin müvafiq maddələri ilə ittiham irəli sürülüb. 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
.