Sosial şəbəkələrin erməni seqmentində Avropa İttifaqının təşkilata üzv dövlətlərdə yaşayan qanunsuz miqrantların Ermənistana köçürülməsi məsələsini nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb.
Erməni “Telegram” kanallarının məlumatına görə, bununla bağlı “Facebook” və “TikTok”da rus dilində videoçarxlar yayılıb.
Qeyd edilib ki, sosial şəbəkələrlə yanaşı bir sıra saytlar, eyni zamanda Rusiyanın “Sputnik Armenia” İnformasiya Agentliyi bu səhər İtaliyanın “Corriere della Sera” nəşrinə istinadən İtaliyanın bir sıra ölkələrdə, o cümlədən Ermənistanda miqrantların saxlanma mərkəzlərinin yaradılmasını təklif edəcəyinə dair xəbər yayıb.
Erməni “Telegram” kanalları avqustun 2-də gecə “Sputnik Armenia”dan əvvəl RİA Novosti də bu barədə məlumatların yayıldığını bildirib, lakin sonuncu nəşrdə İtaliya mediasındakı məqaləyə aktiv bir istinadın olmadığı diqqətə çatdırılıb.
Məlumata görə, “Corriere della Sera”da Rusiya mediasının istinad etdiyi məqalədə deyilir ki, İtaliyanın daxili işlər naziri Matteo Pyantedozi avqustun 4-də Aİ-nin vəsaiti hesabına maliyyələşdirilən "Alban modeli" üzrə yeni qayıdış mərkəzlərinin yaradılması təklifini nəzərdən keçirmək niyyətindədir. Nəşrin məlumatına görə, mərkəzlərin böyük hissəsinin Afrika ölkələrində yerləşdirilməsi planlaşdırılır. Daha sonra təşəbbüsdə “iştirak edə biləcək” ölkələrin ilkin siyahısı hazırlanıb. Belə ki, Ruanda, Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Özbəkistan, Ermənistan, Monteneqro və Efiopiya həmin siyahıda yer alıb.
Ermənistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yerli KİV-ə açıqlama verib. Nazirliyin mətbuat katibi Ani Badalyan bildirib ki, sözügedən məsələ üzrə Ermənistan tərəfinin hər hansı məlumatı yoxdur.
.
