
Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesində atılan son müsbət addımları, o cümlədən Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasını alqışlayır.
Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı bu praktiki inkişafları səmimiyyətlə alqışlayır və bütün bu cür təşəbbüsləri və əlavə etimad quruculuğu tədbirlərini dəstəkləməyə hazırdır.
Xüsusi nümayəndə Cenevrədə Azərbaycan və Ermənistan spikerləri arasında dünənki görüşü, eyni zamanda, İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti ekspertlərinin planlaşdırılan dəyirmi masa müzakirələri ruhlandırıcı hesab edir.
“Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması ilə bağlı növbəti Ermənistan- Türkiyə görüşünə elan edilmiş hazırlığı da eyni dərəcədə alqışlayırıq”, - Aİ rəsmisi qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
“Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.
.