"Azərbaycan hökuməti iqtisadi diversifikasiyanı prioritetləşdirir, özəl sektorun və sahibkarlığın inkişafına böyük önəm verir. Son illər ərzində çox böyük irəliləyişlər əldə olunub. Buna baxmayaraq, kiçik və orta sahibkarlıq pandemiya nəticəsində təkcə Azərbaycanda deyil, bütün dünyada çox çətin dövrdən keçmiş oldu".

Bunu Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək" və "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihələrinin yekunları ilə bağlı tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı nümayəndəsi Peter Mixalko deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, hökumət tərəfindən sözügedən sahəyə göstərilən iqtisadi dəstək yüksək qiymətləndirilir.

"Ölkədə pandemiyadan ən çətin əziyyət çəkən bizneslərə ÜDM-in 4%-ni təşkil edən iqtisadi dəstək paketi və vergi güzəştləri təqdim olunub, kredit imkanları təkmilləşdirilib. Avropa İttifaqı da özəl sektorun maliyyəyə çıxışlarını təmin etmək üçün dəstək verməyə hazırdır. Azərbaycan hökuməti kredit çatışmazlığı problemini vurğulamışdır, xüsusilə özəl sektorda", - deyə P. Mixalko qeyd edib.

O həmçinin əlavə edib ki, bu yaxınlarda Azərbaycanda mikromaliyyələşdirmə bazarında araşdırma aparılıb: "Mikromaliyyələşdirmə sektorunun qiymətləndirməsində biz çalışırdıq ki, ən çox mikrokredit müştərilərinin borcgötürmə formasını və mexanizmlərini araşdıraq. Orta və kiçik sahibkarlığa mikrokreditlər vasitəsilə də dəstəyin verilməsi öyrənilib və müvafiq tövsiyələr verilib".

.