Ağdam Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini ona məxsus fərdi yaşayış evindən 37 200 manat pulunun və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

Bu barədə Yenizaman.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Verilən məlumata görə, müraciət əsasında dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri Tural Tağıyev, Anar Həsənov və Ehtiram İsmayıloğlu saxlanılıblar. Həmin şəxslərdən oğurladıqları pulun və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


.