"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutunda Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin hərəkət cədvəlində mayın 8-dən dəyişiklik edilib.

Yenizaman-a ADY-dən verilən məlumata görə, Dərnəgül stansiyasının fəaliyyətə başlaması ilə qatarlar Bakı-Xırdalan-Bakı istiqaməti üzrə yenilənmiş qrafiklə hərəkət edəcək.

Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən "Dərnəgül" dayanacağı bu gün istifadəyə verilib. Bu gün artıq səhər saatlarından stansiyada qatarlar dayanır.

Məlumata görə, ADY ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirib.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb.

Bakı–Dərnəgül, Dərnəgül–Biləcəri və Dərnəgül–Xırdalan istiqamətləri üzrə gediş haqqı 0,60 manat, Dərnəgül–Sumqayıt istiqaməti üzrə isə 1 manat təşkil edəcək.

Qatarlar Bakı Dəmiryol Vağzalından Dərnəgül dayanacağına və əks istiqamətə məsafəni 10 dəqiqə, Dərnəgül–Biləcəri və Biləcəri–Dərnəgül üzrə 8 dəqiqə, Dərnəgül–Xırdalan və Xırdalan–Dərnəgül istiqaməti üzrə məsafəni isə 15 dəqiqəyə qət edəcək.

8 may 2026-cı ildən etibarən BAKI-XIRDALAN-BAKI ŞƏHƏRƏTRAFI QATARLARININ

İŞ GÜNLƏRİNDƏ HƏRƏKƏT CƏDVƏLİ

https://ticket.ady.az/az/yeni-hereket-cedveli

.